İQTİSADİYYAT
“Krans Montana Sabahın Yeni Liderləri” Forumuna Azərbaycandan üzvlər seçilmişlər
Bakı, 9 mart (AZƏRTAC). Martın 9-da Brüsseldə “Krans Montana Sabahın Yeni Liderləri” Forumu keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə biznes və idarəetmə sahəsində professional nailiyyətlərinə və liderlik təcrübəsinə əsasən seçilmiş gənclər iştirak etmişlər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Adil Məmmədov Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı, eləcə də gəncliyin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları barədə məlumat vermişdir.
Foruma AZPROMO-nun rəhbəri Adil Məmmədov və “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov üzv seçilmişlər.
Foruma üzvlər seçilərkən gənc liderlərin təmsil etdikləri ölkələr və rəhbərlik etdikləri qurumlar tərəfindən həyata keçirilən tədbirlər - məlumatlılığın artırılması, işgüzar əlaqələrin qurulması, təbliğat xarakterli tədbirlərin təşkili, eləcə də bu təşkilatların ölkənin ümumi sosial-iqtisadi inkişafına göstərdikləri dəstək nəzərə alınmışdır.
Üzvlük 3 il müddətinədir.