Kürdəmirdə Aprel döyüşlərinin ikinci ildönümü silsilə tədbirlərlə qeyd olunub
Kürdəmir, 4 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun qəhrəmanlıq əzminin parlaq nümayişi olan 2016-cı ilin Aprel döyüşlərinin ikinci ildönümü Kürdəmirdə silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldıqları tədbir Aprel döyüşlərində qəhrəmancasına həlak olan baş leytenant Əbubəkr İsmayılovun xatirə lövhəsinin qarşısına gül dəstələrinin qoyulması ilə başlanıb. Sonra iştirakçılar şəhər 1 saylı tam orta məktəbin akt zalına gəliblər. Burada şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək, Aprel döyüşlərində qazanılan qələbənin Azərbaycan xalqının mübarizliyinin, ordumuzun gücünün, qüdrətinin təntənəsi olduğunu söyləyib. Bildirib ki, bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir. V.Əsgərli ölkəmizdə, o cümlədən Kürdəmirdə şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən gənclər Aprel döyüşlərində qazanılan qələbə ilə, bu döyüşlərdə şəhid olan əsgərlərimizin qəhrəmanlıqları ilə fəxr etdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını söyləyiblər.
Sonra tədbir Sığırlı kəndində davam etdirilib. Aprel döyüşlərində həlak olan gizir Tural Qurbanovun kənddəki məzarı ziyarət olunub. İştirakçılar şəhidin böyüyüb boya-başa çatdığı evə gəliblər. Sığırlı kənd tam orta məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Ağali Kərimli çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir günün hamımız üçün böyük bir sınaq olduğunu vurğulayıb. Bildirib ki, həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut ediblər.
A.Kərimli, eləcə də digər çıxış edənlər qeyd ediblər ki, 2016-cı ilin Aprel döyüşlərində Milli Ordumuzun igid hərbçiləri şəhidlik zirvəsinə yüksələrək, öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yolunu göstəriblər. Çox çəkməz ki, üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq.