Kütləvi tibbi müayinə: Şirvanda 114 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
Şirvan, 3 may, Mahir Babayev, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən Şirvan şəhərində əhalinin pulsuz tibbi profilaktik müayinəsi davam edir. Aksiya çərçivəsində 18 yaşından yuxarı 63 min 850 şirvanlının tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında keçirilir. Vətəndaşlar poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən müayinə olunur, xəstəlik aşkar olunan sakinlər müalicəyə cəlb edilirlər.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı poliklinikada bütün zəruri şərait yaradılıb. Təcrübəli həkimlər və orta tibb işçiləri aksiyaya cəlb olunublar. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Kollektiv aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışır və gün ərzində 400-450 nəfərdən çox vətəndaş müayinə olunur. Hazırda sonuncu yaşayış massivinin sakinləri müayinədən keçirilir. Aksiya başlanandan bu günə kimi 62 min 748 nəfər şəhər sakini müayinə olunub. Müayinə zamanı xəstəlik aşkar olunan 4576 nəfər ambulator, 539 nəfər stasionar müalicəyə cəlb olunub, 115 sakin təkrar müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. 114 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.