SİYASƏT
KÜVEYTİN “KUVVAİT-I” DÖVLƏT PEYK KANALINDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ FİLM NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycanın Əl-Küveytdəki səfirliyindən bildirmişlər ki, yanvarın 9-da Küveytin “Kuwait-1” dövlət peyk kanalında Azərbaycan Respublikasına həsr olunmuş iyirmi dəqiqəlik film mümayiş etdirilmişdir.
Səfirliyin Küveytin İnformasiya Nazirliyinə təqdim etdiyi materiallar əsasında hazırlanmış filmdə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, əldə olunmuş ictimai-siyasi sabitlik, ardıcıl həyata keçirilən sosial - iqtisadi islahatlar, ölkəmizin elmi - texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, turizm imkanları, münasib investisiya mühiti, neft strategiyası geniş şəkildə işıqlandırılmışdır.
Filmdə, xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılmışdır. Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, tarixi abidələrimizin məhv edilməsi, yandırılması, məktəblərin, muzeylərin, xəstəxanaların dağıdılması, xaıqımıza dəyən maddi və mənəvi ziyan, o cümlədən Xocalı soyqırımı barədə tamaşaçılara rəqəmlərlə və video-materiallarla təsbit edilmiş ətraflı məlumt verilmişdir.