REGİONLAR
Lahıc Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir
Girdiman çayı sahilində, dağlar qoynunda yerləşən Lahıc Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulla hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Qəsəbədəki emalatxana və mağazaların demək olar ki, hamısı mərkəzi küçə boyunca yerləşib.
AZƏRTAC xəbər verir ki, Lahıc qəsəbəsi, buradakı emalatxanalarla, tarix-diyarşünaslıq muzeyi ilə tanış olan, qəsəbənin coğrafi mövqeyi, bitki örtüyü və heyvanat aləmi barədə hərtərəfli bilgilər alan Qazax və Göyçay məktəblilərində Azərbaycanın bu əsrarəngiz guşəsi haqqında zəngin təəssürat yarandı.
Qazax rayonunun Alpond kənd tam orta məktəbinin XI sinif şagirdi Selcan Osmanova dedi: “Lahıcı, ümumiyyətlə, İsmayıllı rayonunu görməmişdim. Əlbəttə, bu yerlər barədə az-çox məlumatım var idi. Lakin qəzetlərdən və televiziya verilişlərindən alınan məlumatın öz yeri var, gəlib görməyin, gəzməyin öz yeri. Bəli, Azərbaycanımız çox gözəldir. Bu cür ekskursiyalar bizə Vətənimizi daha çox sevdirir”.
Axşam tərəfi Qazax və Göyçay məktəbliləri Qəbələyə yola düşdülər.