Latviyanın ölkəmizdəki səfiri Qərbi Kaspi Universitetində mühazirə oxuyub
Bakı, 11 may, AZƏRTAC
Qərbi Kaspi Universitetinin ənənəvi “Səfir saatı” layihəsinin budəfəki qonağı Latviyanın Azərbaycandaki səfiri Yuris Maklakovs olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Andris Leitas qonağa rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələr həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Hazırda məktəblilərin də iştirakı ilə komandalar burada bir sıra layihələr üzərində işləyir. Hətta bu layihələrdən biri Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb.
Y.Maklakovs “Latviyanın xarici siyasətində regional risklər və geosiyasi baxımdan prioritetlər” mövzusunda mühazirə ilə çıxış edib. Səfir ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyib: “Latviya Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamət üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. NATO-nun üzvü olaraq Latviyanın Azərbaycanla hərbi sahədə də əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir”.
Tələbələrin suallarını cavablandıran diplomat bildirib ki, Latviya Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Ümid edir ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq.
Latviyalı səfir tələbələrin dünyada baş verən siyasi, iqtisadi proseslərə yanaşmasını yüksək qiymətləndirib, gənclərlə fikir mübadiləsindən məmnunluğunu bildirib.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.