Lənkəran Dövlət Universitetində regional olimpiada keçirilib
Lənkəran, 1 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən regional olimpiadada Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələri bilik və bacarıqlarını sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasına qatılan 250-dək tələbə və şagird fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə 30 sualı iki saat ərzində yazılı şəkildə cavablandırıb.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitet ilə ümumi və tam orta məktəblər, eləcə də bölgədə fəaliyyət göstərən kolleclər arasında əlaqələrin möhkəmləndirilməsində regional olimpiadaların böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, builki bilik yarışmasına qatılan iştirakçılar coğrafiya və informatikadan da biliklərini sınamaq imkanı qazanıblar.
Aşkarlığı təmin etmək məqsədilə olimpiadanın keçirilməsi üçün ayrılmış auditoriyalar veb-kamera ilə təchiz olunub və nəzarətçi müəllimlər ayrılıb.
Aprelin 6-da LDU-da olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Lənkəran Dövlət Universitetində regional fənn olimpiadaları ənənəvi olaraq hər il təşkil edilir.