REGİONLAR
Lənkəranda Yeni il yarmarkasındakı qiymətlər rayon sakinləri tərəfindən razılıqla qarşılanır
Lənkəran, 29 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 29-da Lənkəran rayonunun Velədi kəndi ərazisindəki meyvə bazarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ərzaq məhsullarının satış yarmarkası təşkil edilib.
Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli sakinlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb.
Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq ümumilikdə 30 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, meyvələr, şirələr və gündəlik ərzaq malları çıxarılıb.
Ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarının bazar qiymətindən 25-30 faiz, yeyinti məhsullarının isə 15-20 faiz aşağı qiymətlərlə təklif olunması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.
Günboyu davam edən bayram yarmarkasına Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri baş çəkərək burada yaradılmış şəraitlə, habelə məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.