İQTİSADİYYAT
LƏNKƏRANDA “YENİ ŞƏRAİTDƏ ƏMƏK SFERASINDA PROFİLAKTİKA VƏ RİSKLƏRİN İDARƏ OLUNMASI” MÖVZUSUNDA ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Lənkəran, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetində “Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması” mövzusunda zona seminar-müşavirəsi keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının mədəniyyət işçiləri həmkarlar təşkilatlarının sədrləri iştirak etmişlər.
Seminar-müşavirədə çıxış edən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi sosial-iqtisadi şöbəsinin müdiri Mirzə Əlibəyov bildirmişdir ki, ölkəmizdə vətəndaşların əmək hüquqlarının təminatı işinin təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin dünya standartlarına uyğunlaşdırılması, əmək qanunvericiliyinin iş yerlərində tətbiqinə dövlət nəzarətini gücləndirməq istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edilmişdir ki, əməyin mühafizəsi üzrə qanunvericiliyə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təşkilinin başlıca prinsiplərindən biri işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasıdır.
Vurğulanmışdır ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) hər il aprelin 28-ni Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edir. BƏT tərəfindən 2010-cu il 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi gününün “Yeni şəraitdə əmək sferasının profilaktikası və risklərin qiymətləndirilməsi” devizi altında qeyd edilməsi tövsiyə olunmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək mühafizəsi şöbəsinin texniki əmək müfəttişi Nadir Muradov müzakirə olunan mövzu ilə bağlı məruzə etmişdir.
Müşavirədə çıxış edən 9 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rasim Rəhimov bildirmişdir ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər gün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orta hesabla 5 mindən artıq insan dünyasını dəyişir. Hər il tikinti meydançalarında ən azı 60 min nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisələr baş verir. 2008-ci ildə ölkəmizin cənub bölgəsində baş vermiş 4 bədbəxt hadisə nəticəsində 3 nəfər dünyasını dəyişmiş, 1 nəfər isə bədən xəsarəti almışdır. Xoşbəxtlikdən 2009-cu ildə və bu ilin birinci rübündə bölgənin istehsalat sahələrində heç bir bədbəxt hadisə qeydə alınmamışdır.
R.Rəhimov aparılan araşdırmaların bəzi hallarda işəgötürənlərin əmək qanunvericiliyinə və əməyin mühafizəsi sahəsində normativ sənədlərin tələblərinə əməl etmədiyini, işçilərlə əmək müqaviləsi bağlamadıqlarını və ya əmək müqaviləsində əməyin mühafizəsi üzrə öz üzərinə öhdəliklər götürmədiklərini sübut etdiyini diqqətə çatdırmışdır.
Geniş diskussiya şəklində davam edən seminar-müşavirədə çıxış edən cənub bölgəsinin mədəniyyət işçiləri həmkarlar təşkilatlarının sədrləri çalışdıqları kollektivdə əməyin mühafizəsinin təşkili sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.