SİYASƏT
LİTVA AZƏRBAYCANLILARI CƏMİYYƏTİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI HƏQİQƏTLƏRİ DÜNYAYA YAYMAQ MƏQSƏDİLƏ LAYİHƏ HƏYATA KEÇİRİR
Bakı, 1 sentyabr (AZƏRTAC). Litva Azərbaycanlıları Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya yaymaq məqsədilə layihə həyata keçirir.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Ermənistan arasında uzun illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi barədə informasiya savaşı çərçivəsində reallaşdırılan layihənin növbəti addımı olaraq cəmiyyət Litvanın tanınmış hərbi jurnalisti Riçardas Lapaytisin müsahibəsinin yayımını təşkil etmişdir. Litvalı telejurnalist Gintaras Visotskasun rus dilində aldığı müsahibə www.slaptai.lt saytında yerləşdirilmişdir. Video müsahibəyə www.slaptai.lt/news.php?readmore=1297 linkində baxmaq olar.
Qarabağ müharibəsinin canlı şahidi olan və bu dəhşətli savaşla bağlı dünya ictimaiyyətinə obyektiv məlumat çatdıran Riçardas Lapaytis müsahibəsində çox vacib məsələlərə toxunmuşdur. O, bəzi məsələlərə dair ilk dəfə rus dilində açıqlama vermiş və onları gündəmə gətirmişdir. Bunların arasında erməni hərbi qüvvələrinin mülki azərbaycanlılara qarşı kimyəvi silahları işlətməsi halları və Litva Səhiyyə Nazirliyinin R.Lapaytisin bununla bağlı Azərbaycandan gətirdiyi dəlillərin təsdiq etməsi faktı və s. vardır. Hərbi jurnalist Qarabağ müharibəsi zamanı gözü ilə gördüyü bir sıra məqamlara da toxunmuşdur. Bu baxımda həmin videomüsahibə ilə Azərbaycanda və digər ölkələrdə yaşayan həmvətənlərimizin, eləcə də başqa xalqların nümayəndələrinin tanış olması mühüm təbliğat əhəmiyyəti kəsb edir.
Qeyd edək ki, 43 yaşlı litvalı jurnalist Riçardas Lapaytis 1992-93-cu illərdə Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə bir neçə dəfə Azərbaycana gəlmiş, cəbhənin ön xəttində olmuş, Ağdam, Laçın, Naxçıvanik və digər bölgələrdəki qanlı döyüşləri, milli qəhrəman, şəhid telejurnalist Çingiz Mustafayevlə birlikdə Xocalı soyqırımının dəhşətli görüntülərini fotolentə almış və onları dünya mətbuatında yaymışdır. O, bu fədakarlığına görə “Avrasiya” Beynəlxalq Mətbuat Fondunun mükafatına layiq görülmüşdür. Riçardas Lapaytis 1992-ci ilin noyabr ayında böyük çətinliklə Naxçıvana getmiş, Sədərəkdə Ermənistandan qaçqın düşən azərbaycanlılarla görüşmüş və yerli televiziyada çıxış etmişdir. Həmin vaxtlarda Naxçıvan Ali Məclisinin sədri işləyən ulu öndər Heydər Əliyev R.Lapaytisi qəbul etmiş və ona müsahibə vermişdir.
Riçardas Lapaytisin hər dəfə Azərbaycandan döndükdən sonra yazdığı materiallar Litvadakı erməniləri və ermənipərəst qüvvələri qəzəbləndirdiyi üçün onun haqqında şərəf və ləyaqətini təhqir edən yazılar dərc olunmuş, hətta təqiblərə məruz qalmışdır. İndi İrlandiyada yaşayan Riçardas Lapaytis əsasən bədii yaradıcılıqla məşğuldur və Azərbaycan haqqında da yazıları vardır.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən layihə çərçivəsində litvalı tarixçi, etnoloq və siyasi şərhçi İmantas Melyanasın “Azərbaycan xalqına qarşı soyqırımı (1905-1994)” adlı tarixi oçerki litva dilində “Soyqırımı və müqavimət” (“Genocidas ir rezistencija” 2009, № 1 (25)) elmi jurnalında dərc olunmuşdur.