SİYASƏT
Litva Xarici İşlər Nazirliyi bu ölkənin Azərbaycandakı səfirinin tutduğu vəzifədən geri çağırılıb-çağırılmaması barədə qərar qəbul edəcəkdir
Vilnüs, 19 avqust (AZƏRTAC). Bu gün məzuniyyətdən qayıdan Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın istefa barədə xahişini təmin edib-etməmək barədə qərara gəlməlidir. A.Jurauskas istefa ərizəsini diplomatların telefon söhbətləri İnternetdə yayılandan sonra təqdim etmişdir.
XİN vurğulayır ki, səfirin bu qərarı onun dövlətinin və şəxsən özünün nüfuzuna dəyə biləcək zərərin qarşısını almaq cəhdi hesab edilir.
XİN-in məlumatında deyilir: “Diplomat başa düşür ki, yaranmış vəziyyət onun tutduğu vəzifədə işini lazımınca davam etdirməsini çətinləşdirir”.
Xatırladaq ki, A.Jurauskasın və daha üç nəfər litvalı diplomatın adları guya onların telefon söhbəti olması ehtimal edilən yazıların internetdə yayılmasından sonra yaranmış qalmaqalla bağlı hallanır.
“Youtube.com” portalındakı videoyazılar iyulun 8-də yayılmışdır, hərçənd, söhbətlərin aprel ayında aparılması bildirilir.
Litva XİN bu işlə əlaqədar təhqiqatı davam etdirir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs