SİYASƏT
Litvalı jurnalist Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında reportaj hazırlayıb
Bakı, 15 iyul, AZƏRTAC
Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfərləri davam edir. Litvalı jurnalist Yanyus Matonis də bu ərazilərdə səfərdə olub və burada görülən işlər barədə xüsusi reportaj hazırlayıb.
AZƏRTAC Litvanın lnk.lt portalına istinadla həmin reportajı şərh edir. Cəbrayıl rayonunda səfərdə olmuş litvalı müxbir qeyd edir ki, orada 100 minə qədər mina basdırılıb. Buna görə hazırda genişmiqyaslı minatəmizləmə işləri aparılır.
Ümumiyyətlə, Qarabağın ətrafındakı yeddi rayonun hamısı minalanıb. Bu yaxınlarda iki azərbaycanlı jurnalist minaya düşərək həlak olub. İndiyə qədər Azərbaycan tərəfə yalnız üç rayonunun minalanmış sahələrinin xəritələri təqdim edilib. Ermənistan bu xəritələri hərbi əsirlərlə dəyişdirir. Yanyus Matonis vurğulayır ki, hər gün 20 kvadrat kilometr ərazi minalardan təmizlənir. Cəbrayıl rayonunda uzunluğu 130 kilometrə qədər olacaq dəmir yolu tikintisi başlanıb.
Reportajda daha sonra Azərbaycanın qədim Şuşa şəhərindən bəhs edilir. Yanyus Matonis yazır: “Şuşa Qarabağda strateji əhəmiyyətli qaladır. Altı həftəlik müharibədə Azərbaycan Ordusu bu şəhəri işğaldan azad edəndən sonra Azərbaycanın qələbəsi praktiki olaraq qabaqcadan müəyyən edilmişdi. XVIII əsrdə salınmış Şuşa müharibə dövründə Qarabağın ən çox zərər çəkmiş şəhərlərindən biridir. Burada yaşayış binaları ilə bərabər 850 memarlıq irsi obyekti də dağıdılıb”.
Materialda Şuşada aparılan genişmiqyaslı tikinti və yenidənqurma işləri də işıqlandırılır. Məqalənin sonunda vurğulanır ki, məcburi köçkünlər öz əcdadlarının torpaqlarına qayıda biləcəkləri günü səbirsizliklə gözləyirlər.