İDMAN
Macarıstan Kubokunun qalibi olan azərbaycanlı: Ölkəmi layiqincə təmsil etmək üçün əlimdən gələni edirəm - MÜSAHİBƏ
![](/files/galleryphoto/2024/1/1200x630/17101394755477350741_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17101394753362253385_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17101394752691959736_1200x630.jpg)
Bakı, 11 mart, AZƏRTAC
Macarıstanın “Vaşaş” komandasının heyətində ölkə kubokunun qalibi olan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- “Vaşaş”ın heyətində ardıcıl üçüncü dəfə Macarıstan Kubokunun qalibi oldunuz. Fikirlərinizi bilmək maraqlıdır...
- Ötən mövsüm qazandığımız nəticəni yenidən təkrarlamaq istəyirdik. Kubokun finalına da ciddi hazırlaşmışdıq və qarşımıza çempion olmaq məqsədi qoymuşduq. Komanda olaraq yaxşı oyun nümayiş etdirdik. Xoşbəxtik ki, hədəfimizə çatdıq.
- Finaldakı rəqib komandanın heyətində yaxın dostunuz və eyni millidə oynadığınız Marqarita Stepanenko da yer almışdı. Onunla həlledici matçda qarşılaşmaq necə hiss idi?
- Daha əvvəl Marqarita Stepanenko ilə çempionatda qarşılaşmışdıq. Həm rahat, həm də çətin idi. Çünki bir- birimizin oyun üslubunu bilirdik. İdmandakı dostluq meydandan kənardadır. Oyun zamanı isə rəqibik. Onları da finala kimi irəlilədiklərinə görə təbrik edirəm.
- Macarıstan çempionatındakı hədəfləriniz nədir?
- Macarıstan çempionatına uğurla başladıq və ilkin mərhələni maksimum qələbə ilə lider olaraq başa vurduq. Hazırda pley-off oyunları keçirilir. Artıq yarımfinalçılar bəllidir. Biz də bu raundda mübarizəni davam etdiririk. Əlbəttə ki, hədəf yenə çempion olmaqdır. Ötən il olduğu kimi, bu il də qızıl medalları qazanmaq üçün ciddi şəkildə çalışırıq. İnanıram ki, yenə məqsədimizə çatacağıq.
- Daha neçə il legioner həyatı yaşamağı düşünürsünüz?
- Hələ ki, bu barədə nəsə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək.
- Yerli voleybolçular arasında uzun müddətdir ölkə xaricində oynayan yeganə oyunçusunuz. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, gənc voleybolçulara nə tövsiyə edərdiniz?
- Artıq uzun illərdir ki, Macarıstan çempionatında oynayıram, həmçinin də daha əvvəl Türkiyədə çıxış etmişəm. Bura mənə daha doğma və əzizdir. Harada olmağımdan asılı olmayaraq, hər zaman yaxşı şəkildə mübarizə aparmağa çalışmışam. Ölkəmi, voleybolumu layiqincə təmsil etmək üçün əlimdən gələni edirəm. Gənclərə də tövsiyəm odur ki, öz üzərilərində məsuliyyətlə çalışsınlar.
- May ayında Qızıl Avropa Liqası başlayacaq. Azərbaycan millisi də bu turnirdə iştirak edəcək. Şanslarınızı necə qiymətləndirirsiniz?
- Bu il Qızıl Avropa Liqası fərqli formatda keçiriləcək. Bakıda da qrup oyunlarımız olacaq. Hədəf “dördlər finalı”na yüksəlməkdir.
- Necə düşünürsünüz, Avropa Çempionatındakı uğursuzluğu bu turnirdə unutdura bilərsiniz?
- Biz bütün oyunlara qələbə qazanmaq hədəfi ilə çıxırıq. Məqsəd Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir. Qızıl Avropa Liqasında da əlimizdən gələni etməyə çalışacağıq.