Maliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlər Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin dərin islahatlar strategiyası öz müsbət nəticələrini bütün sahələrdə olduğu kimi Maliyyə Nazirliyinin fəaliyyətində, eləcə də dövlət maliyyəsinin idarə olunması və büdcə sahəsində də bariz şəkildə göstərməkdədir. Məhz uzaqgörən siyasət nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Bu gün müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq yeni inkişaf dövrünü yaşadığını vurğulayan mərasim iştirakçıları son illərdə ölkəmizin qazandığı böyük nailiyyətləri qeyd ediblər.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.