ELM VƏ TƏHSİL
Martın 3-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçiriləcəkdir
Bakı, 1 mart (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir. İmtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaqdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, magistraturaya ərizələrin qəbulu internet vasitəsilə aparılmış, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək doldurmuş və ərizələrini fevralın 12-dən 22-dək təsdiq etdirmişlər.
İmtahanda iştirak etmək üçün 21 min 623 bakalavr ərizə təqdim etmişdir. Onlardan 19 min 80 nəfəri Azərbaycan bölməsi, 2.543 nəfəri isə rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 10 min 154 nəfəri oğlan, 11 min 469 nəfəri isə qızdır. Bakalavrlardan 11 min 963 nəfəri cari ilin, 9 min 660 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1994-cü il təvəllüdlüdür.
Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçiriləcəkdir. Bakıda 18 min 92, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 144 imtahan rəhbəri, 1.638 nəzarətçi-müəllim cəlb olunacaqdır.
İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 27-dən etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürürlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana mütləq gətirməlidirlər.
Bütün bölgələrdə qəbul imtahanının gedişini komissiyada akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcəkdir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunacaqdır.