REGİONLAR
Masallıda Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib
Masallı, 27 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki “Gənclər evi”ndə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatın qarşısı alınarkən şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Onlayn tədbirdə çıxış edən Mərkəzin sosial-ictimai inkişaf dərnəyinin rəhbəri Şəfa Əkbərova, Masallıda nəşr olunan "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev Azərbaycan milli mətbuatının inkişafı tarixindən danışıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 30 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallıda da qeyd olunur.
Bildirilib ki, 145 il əvvəl-1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub.
Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin, maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib. Diqqətə çatdırılıb ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb.
1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkəmizdə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb. Ölkəmizdə medianın fəaliyyətinin tənzimləyən qanunvericilik bazası yaradılıb.
Bildirilib ki, hazırda Azərbaycan milli mətbuatı özünün inkişafının yeni mərhələsindədir. Ölkəmizdə azad söz və mətbuat azadlığının təmin olunması üçün hər cür şərait yaradılıb.
Çıxışlarda, həmçinin informasiya müharibəsi şəraitində media təmsilçilərinin üzərinə düşən vəzifələrdən bəhs edib, milli maraqların müdafiəsi yönümündə bu məsuliyyətin hamılıqla dərk edilməsinin vacibliyi vurğulanıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.