DÜNYA
Maykl Ceksonun bacısı qətərli milyarderlə nişanlanmışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Məşhur amerikalı müğənni Canet Cekson nişanlanmışdır. Onun nişanlısı qətərli iş adamı, 37 yaşlı milyarder Ussəm əl Mənadır.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, qətərli milyarder Canetə çox böyük brilyant qaşlı üzük vermişdir. Canet üzüyü o qədər dəyərləndirmişdir ki, onu barmağına taxmır, malikanəsindəki seyfində saxlayır. Müğənninin dediyinə görə, böyük qaşlı üzük ağır olduğundan onu itirməkdən qorxur.
Canetlə Üssəm 2010-cu ildən bəri görüşürlər və bir yerdədirlər.
Məşhur müğənni ilə qətərli iş adamının toyu gələn ilin baharında olacaqdır. Üssam vətənində çox dəbdəbəli toy etmək niyyətindədir.
Ceksonun rəfiqələrindən biri demişdir ki, Canetin bütün rəfiqələri, dostları və ailə üzvləri Qətərə özəl təyyarə ilə yollanacaqlar. Üssəm toyda yeməklərin hazırlanmasını Avropanın ən məşhur aşpazlarından birinə tapşıracaqdır.
Beləliklə 46 yaşlı müğənni üçüncü dəfə ərə gedəcəkdir.
Canet Cekson 1984-cü ildə, 18 yaşı olanda evdən qaçmış və R&B müğənnisi Ceyms DeBarja ərə getmişdi. Lakin az sonra onlar boşanmışdılar.
1991-ci ildə Canet Cekson rəqqas və bəstəkar Rene Elizondaya ərə getmiş, 7 il davam edən nikahdan sonra boşanmışlar.
Vaxt keçdi, Cekson musiqi prodüseri Cermeyn Düpri ilə yaşamağa başladı. Fəqət, müğənninin qardaşı, pop kralı Maykl Cekson vəfat edəndən sonra onlar ayrılmışlar.
Us Weekly bildirmişdir ki, 37 yaşlı Üssəm əl Məna "Al Mana Retail" korporasiyasının baş meneceridir.