SİYASƏT
MAYNTSDA VƏ KÖLNDƏ UYDURMA “ERMƏNİ SOYQIRIMI”NDAN BƏHS EDƏN FİLMİN NÜMAYİŞİNƏ ETİRAZ MƏQSƏDİ İLƏ MİTİNQ KEÇİRİLMİŞDİR
Berlin, 14 aprel (AZƏRTAC). Aprelin 13-də Almaniyanın Maynts şəhərində SWR televiziyasının binasının önündə bu ölkənin ARD telekanalında “Aghet” adlı filmin yayımlanmasına etiraz məqsədi ilə mitinq keçirilmişdir.
Qeyd edək ki, qondarma “erməni soyqırımı”na həsr olunan bu filmdə ermənilərin bütün dünyaya söylədikləri yalan və uydurmalardan bəhs edir. 2009-2010-cu illərdə çəkilmiş 90 dəqiqəlik film bu günlərdə Berlindəki “Vavilon” kinoteatrında da nümayiş etdirilmişdir. Bu filmi daha geniş auditoriyaya göstərən teleşirkətin binası qarşısında keçirilən etiraz aksiyasında Almaniyadakı türk və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər. Türk diasporu adından “Rheinland-Pfalz Türk Toplumu”nun başkanı Neset Hizir SWR televiziyasının təmsilçisi Simone Sanftenbergə etiraz məktubunu təqdim etmişdir. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür isə Azərbaycan diasporu adından hazırlanmış etiraz məktubunu ARD və NDR televiziyalarının rəhbərliyinə çatdırmaq üçün xanım Sanftenbergə vermişdir.
Mitinqdən sonra keçirilmiş mətbuat konfransında Almaniyadakı türk və Azərbaycan icmaları adından çıxış edən Neset Hizir hər iki xalqın “Aghet” filminin bu ölkənin tanınmış telekanalında nümayişini etirazla qarşıladığını bildirmişdir. O demişdir: “Alman xalqına yalan danışmaqla tarix yazılmaz, tarixi tarixçilər yazmalıdır. Bu problemi siyasətçilər həll edə bilməz. Xocalı soyqırımını və Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının başına gətirələn digər müsibət və qətliamları görməyənlər 95 il öncəyə aid yalanı necə görürlər?! “Aghet” filmini çəkənlər və göstərənlər xalqlar arasındakı sülhə dəstək vermirlər. Biz soyqırımı törətməmişik, soyqırımını tarix boyu ermənilər dəfələrlə Azərbaycan və türk xalqlarına qarşı həyata keçirmişlər. Dünya buna göz yummamalıdır”.
Aksiyanın sonunda televiziya binasının qarşısına üzərinə “AGHET” ƏN BÖYÜK YALAN sözləri yazılmış qara çələng qoyulmuşdur.
Həmin gün Kölndə də həmin filmin nümayişinə etiraz məqsədi ilə şəhərin mərkəzində yerləşən WRD telekanalının binası qarşısında aksiya keçirilmişdir. Kölndəki mitinqi Dysburq şəhərindəki türk icmasının rəhbəri Əli Söyləməzoğlu, Vahid Azərbaycan Cəmiyyətinin rəhbəri Elxan Kərimov, eləcə də Yunus Əmrə Cəmiyyəti, Türk Qardaşlıq Cəmiyyəti təşkil etmişlər. Aksiyada erməni yalanlarını təbliğ edən filmin nümayişini pisləyən bəyanatlar səslənmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
![]() |
![]() |