SİYASƏT
MDB iştirakçısı olan dövlətlərin jurnalistlərinin tarixi-mədəni irsin qorunub saxlanması mövzusunda müsabiqəsinin yekunları elan edilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). MDB iştirakçısı olan dövlətlərin jurnalistlərinin tarixi-mədəni irsin: maddi və qeyri-maddi mədəniyyət abidələrinin, şəhər yerlərinin, tarixi-mədəni qoruqların, xalq tətbiqi sənətinin yaradıcılığının qorunub saxlanması mövzusunda müsabiqəsinin yekunları elan edilmişdir.
Xatırladaq ki, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC tərəfindən 2011-2012-ci illərdə MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində prioritet tədbirlər planı çərçivəsində keçirilmiş bu müsabiqəyə cari ilin mart ayının 12-də start verilmişdir.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Ukraynadan olan jurnalistlərin 132 işi təqdim edilmişdir.
Müsabiqə işləri MDB-nin aparıcı informasiya agentliklərinin (İTAR-TASS, BELTA, Ukrinform, Kazinform və AZƏRTAC) beş əməkdaşından ibarət nüfuzlu beynəlxalq münsiflər heyəti tərəfindən kollegial şəkildə qiymətləndirilmişdir. Münsiflər heyətinin sədri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovdur.
Müsabiqənin yekunlarına əsasən qaliblər müəyyən edilmişdir. Özbəkistan Respublikası Nazirlər Kabinetinin “Pravda Vostoka” qəzetinin elm, təhsil və səhiyyə şöbəsinin müdiri Ramil İslamov “Nadir dəyərlər xəzinəsi” məqaləsinə, habelə Özbəkistanın ənənələri və mədəniyyəti haqqında silsilə işlərinə görə müsabiqədə birinci yeri tutmuşdur. İkinci yeri Azərbaycanın Aze.az informasiya portalının redaktoru Nadiyə Qafarova “Tağıyev: ola bilər ki, biz arxeoloji sensasiya astanasındayıq” sərlövhəli müsahibəyə görə tutmuşdur. Ukraynanın Volınsk vilayətində çıxan “Volyn Times” ictimai-siyasi qəzetin baş redaktoru İrina Kuninets “Həyat karuseli” adlı məqaləsinə görə üçüncü yeri tutmuşdur.
Yelena Koemetsin (“Karavan” həftəliyi, Qazaxıstan) “Abidəni xilas edin”, Olesya Bolışovanın (“Molodyojnıy vestnik” qəzeti, Lipetsk, Rusiya) “Romanovlar ənənələrinin mühafizləri”, Andrey Osmolovskinin (“Komsomolskaya pravda v Belorussii”, Minsk) “Belaruslar öz əcdadlarını nə üçün yandırmışlar” adlı işləri həvəsləndirici mükafatlarla qeyd edilmişdir.
Beləliklə, müsabiqədə qalib gəlmişlər:
1. Ramil İslamov (Daşkənd, Özbəkistan) - “Nadir dəyərlər xəzinəsi” və silsilə məqalələr.
2. Nadiyə Qafarova (Azərbaycan) - “Tağıyev: ola bilər ki, biz arxeoloji sensasiya astanasındayıq”.
3. İrina Kuninets (Volınsk, Ukrayna) - “Həyat karuseli”.
Həvəsləndirici mükafatlar:
1. Yelena Koemets Almatı, Qazaxıstan) - “Abidəni xilas edin”.
2. Olesya Bolışova (Lipetsk, Rusiya) - “Romanovlar ənənələrinin mühafizləri”.
3. Andrey Osmolovski (Belarus) - “Belaruslar öz əcdadlarını nə üçün yandırmışlar”.
Müsabiqənin qaliblərinin materialları ilə AZƏRTAC-ın rəsmi saytında tanış ola bilərsiniz.