CƏMİYYƏT
MDB ölkələrinin ərazilərinin xüsusilə təhlükəli infeksion xəstəliklərdən sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusilə təhlükəli infeksion xəstəliklərin yayılmasından sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının növbəti iclası İrkutskda keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu iclas “Taun və digər təhlükəli infeksion xəstəliklərin transsərhəd təbii ocaqlarında epidemioloji salamatlığın təmin edilməsinin aktual məsələləri” mövzusunda XV Dövlətlərarası elmi-praktiki konfrans çərçivəsində təşkil edilib.
Konfrans iştirakçıları taunun və digər aktual təhlükəli, yeni və qayıdan infeksion xəstəliklərin yaranması risklərinin azaldılması üzrə beynəlxalq əməkdaşlıq və dövlətlərarası qarşılıqlı fəaliyyət, epidemioloji nəzarətin təmin edilməsi, təhlükəli zoonoz və digər təbii infeksion xəstəliklərin virus və bakterial etiologiyası məsələlərini müzakirə ediblər.
Alimlər sanitar-epidemioloji salamatlığın və əhalinin bioloji təhlükəsizliyinin təmin edilməsi, MDB ölkələrinin və digər regional beynəlxalq birliklərin ərazilərinin sanitar mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi, patogen mikroorqanizmlərlə işləyən mikrobiologiya laboratoriyalarının bioloji təhlükəsizliyinin təmin edilməsi sahəsində COVID-19 təhlükəsi məsələlərini də nəzərdən keçiriblər.