Mədəniyyət və İncəsənət Universitetində “Stanislavski və aktyor sənətinin qrammatikası” kitabının təqdimatı olub
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi İsrafil İsrafilovun Türkiyədə çap olunmuş “Stanislavski ve Oyunculuk sanatının grameri” (“Stanislavski və aktyor sənətinin qrammatikası”) kitabının təqdimat mərasimi keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, kitabın tərcüməçilərindən olan Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker çıxışında bu nəşrə Türkiyə ali məktəblərində böyük ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, indiyə qədər Stanislavski sistemi, yaradıcılığı haqqında türk teatr xadimlərinin məlumatları səthi və qarışıq olub. Bu səbəbdən Türkiyənin teatr təhsili verən ali məktəbləri tərcümənin nəşrini sevinclə qarşılayıblar.
Tədbirdə ADMİU-nun professorları Aydın Talıbzadə, Əli Əmirli, Gülşad Baxşıyeva, Azad Şükürov, Məmmədsəfa Qasımov, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva nəşrin müəllifi İsrafil İsrafilov haqqında dəyərli fikirlərini səsləndiriblər.
Sonda çıxış edən müəllif kitabın yazılma ideyasından, məqsədindən, müraciət etdiyi mənbələrdən danışıb. O, kitaba qonşu ölkələrdə olan yüksək maraqdan bəhs edib.
Qeyd edək ki, daha öncə Azərbaycan dilində çap olunmuş bu kitab ötən il İranda fars dilində də işıq üzü görüb. Hazırda isə Özbəkistanda kitabın özbək dilində tərcüməsi üzərində iş gedir.