MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrin turizm şirkətlərinin və media təmsilçilərinin Azərbaycana info və press turlarını təşkil etmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədi ilə Bakı şəhərində keçirilən “AİTF-2013” XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin bölgələrinə info və press turlar təşkil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlər çərçivəsində Rusiya Federasiyasının turizm şirkətlərindən ibarət 19 nəfərlik qrup martın 30-dan aprelin 4-dək Azərbaycanda olmuşdur. Qrupa daxil olan Rusiyanın “Alean”, “Dces Tur”, “Persona Tur”, “Fischer Travel”, “Vostok FM”, “TurProfi”, “Azan Tur”, “Ross Travel”, “Alıye Parusa”, “Poyexali” və s. turizm şirkətlərinin nümayəndələri Bakı, Naftalan və Şəki şəhərinin görməli yerlərini ziyarət etmişlər.
Bundan əlavə, aprelin 2-dən 6-dək İtaliyanın aparıcı turizm şirkətlərinin rəhbərlərinin iştirakı ilə Bakı şəhərinə infotur təşkil edilmişdir. İnfoturda “Bramante Travel”, “Red Carpet Travel”, “Boscolo Tour”, “Manus Travel”, “Wave Travel” şirkətlərinin nümayəndələri təmsil olunmuşlar.
Qarşılıqlı əməkdaşlıq məqsədi ilə yuxarıda adları çəkilən şirkətlərin təmsilçiləri ilə bir qrup yerli turizm şirkətinin nümayəndələrinin görüşü keçirilmişdir.
Həmçinin Azərbaycanın turizm potensialının Türkiyə mətbuatında işıqlandırılması məqsədi ilə qardaş ölkənin “Beyaz TV” kanalının “Dünya turu” proqramının 3 nəfərdən ibarət çəkiliş qrupu Azərbaycana gəlmişdir. Aprelin 10-dək davam edəcək press turun iştirakçıları hazırda paytaxt Bakıda, eləcə də Quba, Qusar, Qəbələ, Şəki, rayonlarında çəkilişlər aparırlar.
Çəkilişlərin nəticəsi olaraq Türkiyənin “Beyaz TV” kanalının “Dünya turu” verilişində Azərbaycan haqqında materialın 3 dəfə yayımlanması nəzərdə tutulmuşdur.