CƏMİYYƏT
“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun şərhi kitabının təqdimat mərasimi keçiriləcəkdir
Bakı, 6 dekabr (AZƏRTAC). Dekabrın 9-da “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun şərhi kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Azərbaycan Hüquqşünasları Konfederasiyasından (AHK) AZƏRTAC-a bildirmişlər ki, konfederasiyanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun, Avrasiya Hüquqşünaslar Assosiasiyasının, Amerika Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı ilə hazırlanmış 132 səhifəlik kitab, 4000 tirajla azərbaycan dilində nəşr olunmuşdur.
Kitabın bütün hüquq mühafizə orqanlarının akademiyalarında, eləcə də hakimlər, vəkillər, prokurorlar arasında qanunun düzgün başa düşülərək tətbiq olunması məqsədi ilə yayılması nəzərdə tutulmuşdur.
Şərhin müəllifi, AHK idarə heyətinin üzvü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayevdir.
Kitabın elmi redaktoru, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və AHK-in sədri Əli Hüseynlidir. Kitaba siyasi elmlər doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, hüquq elmləri doktoru, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin sədri, AHK idarə heyətinin üzvü Lətif Hüseynov, hüquq üzrə fəlsəfə doktoru, AHK-in baş katibi, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri Nadir Adilovdur.
Həyata keçirilən layihənin əlaqələndiricisi Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini Xanlar Ağalarovdur.