Məmmədrza Şeyxzamanovun 110 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin açılışı olub.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev M.Şeyxzamanovun kino yaradıcılığı və dublyaj fəaliyyəti haqqında şəxsi xatirələrini bölüşüb.
Xalq artistləri Əbdül Mahmudov, Xalidə Quliyeva, professor İlham Rəhimli, Əməkdar jurnalist Akif Əli, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy görkəmli sənətkar haqqında fikirlərini bildirdilər.
Aktyorun qızı Afaq Şeyxzamanova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Məmmədrza Şeyxzamanovun yaradıcılığını əks etdirən videoçarx, aktyorun çəkildiyi filmlərdən fraqmentlər, sənətkarın 95 və 100 illik yubileylərində çıxış etmiş kino xadimləri Amaliya Pənahova, Elxan Qasımov və Tofiq İsmayılovun arxiv görüntüləri nümayiş etdirilib.