İQTİSADİYYAT
“Mən Azərbaycanlıyam” “online” bilik yarışmasının növbəti ongünlüyünün qalibləri müəyyənləşdirilmişdir
Bakı, 12 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən elan edilən “Mən Azərbaycanlıyam” “online” bilik yarışmasının 4-cü ongünlüyünün qalibləri müəyyənləşdirilmişdir.
RİTN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarışın şərtlərinə uyğun olaraq ongünlüyün qalibləri netbuk tipli kompyuterə, ilk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olmuşlar.
İyul ayından etibarən ay ərzində qalib gəlmiş iştirakçıların (ongünlüklərin qalibləri) mükafatları növbəti ayın əvvəlində təşkil ediləcək tədbirdə təqdim ediləcəkdir.
Yarışmada iştirak etmək üçün ümumilikdə 16 min 512 nəfər qeydiyyatdan keçmişdir. Onların 64 faizi kişi, 36 faizi isə qadın istifadəçilərdir.
Yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcəkdir.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışmaya (www.azerbaycanliyam.az) və “Facebook”dak səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts) vasitəsilə qoşulmaq mümkündür.