SİYASƏT
Mərakeşin “əl-Aləm” qəzetində III Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən məqalə dərc olunmuşdur
Bakı, 29 noyabr (AZƏRTAC). Mərakeşin “əl-Aləm” (Bayraq) qəzetində III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Mərakeş-Azərbaycan Dostluq Qrupunun sədri A.Misbahinin “Ekoloji sivilizasiyanın qurulması davamlı inkişafdan keçir” sərlövhəli məqaləsi dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirilmişdir ki, III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və Ətraf mühit sivilizasiyası” mövzusunda təşkil olunmuş “dəyirmi masa”da çıxış etmiş A.Misbahi ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsini regionda aparıcı rol oynaması ilə əlaqələndirmişdir.
Davamlı inkişafı ətraf mühit sivilizasiyasının başlıca mənbəyi hesab edən müəllif bu məqsədlə bütün dövlət və hökumət müəssisələrində xüsusi proqramlar hazırlanmasının, həmçinin regional və beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulamışdır. Məqalədə ətraf mühitin qorunmasının mülki cəmiyyətin inkişafı və tərəqqisi üçün əsas amil ola biləcəyinə əminlik ifadə edilmişdir.
Sonda A.Misbahi müxtəlif humanitar məsələ və problemləri əhatə edən yüksək səviyyəli forumun təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirmiş və ölkəmizdə olmasından böyük qürur və məmnunluq duyduğunu diqqətə çatdırmışdır.