MƏDƏNİYYƏT
Mərdəkan Mədəniyyət Sarayında şəhidlərimizin xatirəsi anılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayında 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sarayın müdiri Ülvi Cəfərov tədbiri açaraq bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb: “Vətən sevgisi ilə şəhid olan bütün əsgər və zabitlərimizi dərin ehtiramla anır, xatirələrini uca tuturuq”.
Sonra Mədəniyyət Sarayının əməkdaşı Kübarə Rəcəbova qeyd edib ki, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Tədbir 27 Sentyabr - Anım Gününə həsr edilmiş videoçarx ilə davam edib. Həmçinin 181 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər. Mədəniyyət Sarayında fəaliyyət göstərən rəsm kursunun tələbələrinin anım gününə həsr etdikləri rəsm sərgisi də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.