İQTİSADİYYAT
Mərkəzi Bank İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə anlaşma memorandumu imzalayıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) arasında anlaşma memorandumu imzalanıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz əməkdaşlıq ofisinin regional direktor müavini Simonе Haberli ilə görüşüb.
S.Haberli son illərdə Azərbaycan hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edib.
Görüş zamanı SECO-nun Azərbaycandakı fəaliyyəti, dəstək göstərdiyi layihələr, Azərbaycan Mərkəzi Bankı və SECO arasında əməkdaşlığın nailiyyətləri və yeni perspektiv istiqamətləri müzakirə olunub. S.Haberli İsveçrənin 20 illik ikitərəfli texniki əməkdaşlığının Azərbaycanda uğurla davam etməsinə, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə təşəkkürünü bildirib.
E.Rüstəmov dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən SECO ilə əlaqələrin təşkil etdiyini qeyd edib. Mərkəzi Bankın sədri, eyni zamanda bildirib ki, AMB artıq 20 ildir SECO ilə müxtəlif layihələr çərçivəsində uğurlu əməkdaşlıq edir və bu əməkdaşlığı yüksək qiymətləndirir.
Görüş zamanı AMB-nin 2012-ci ildən SECO ilə "Mərkəzi Banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" proqramı (BCC I) çərçivəsində apardığı sıx əməkdaşlıq xüsusilə vurğulanıb. Proqramın birinci fazası çərçivəsində SECO tərəfindən Mərkəzi Banka inflyasiyanın proqnozlaşdırılması, faiz siyasətinin transmissiyası, maliyyə sabitliyi, məzənnə siyasəti və monetar iqtisadiyyat, real sektorun əhatəli monitorinq sisteminin yaradılması istiqamətlərində texniki yardım göstərilib.
E.Rüstəmov qlobal iqtisadi mühit və yeni çağırışlar fonunda AMB qarşısında duran vəzifələrin uğurla reallaşması üçün SECO ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini və əhəmiyyətini qeyd edib.
Sonra Mərkəzi Bankın SECO ilə "Mərkəzi banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" əməkdaşlıq proqramının 2019-2022-ci illəri əhatə edəcək ikinci fazası (BCC II) çərçivəsində göstəriləcək texniki yardım məsələləri müzakirə olunub. Proqram çərçivəsində icraçı agentlik olan "Geneva Graduate Institute" tərəfindən pul siyasətinin təhlili və implementasiyası, makroiqtisadi statistika və proqnozlaşdırma və digər istiqamətlərdə texniki yardımın göstərilməsi nəzərdə tutulur.
Görüşün sonunda AMB və SECO arasında BCC II Proqramının ikinci fazasının implementasiyası ilə bağlı anlaşma memorandumu imzalanıb.