İQTİSADİYYAT
“Metro” Beynəlxalq Assosiasiyasının baş mühəndislərinin iclası Bakıda keçirilmişdir
Bakı, 9 oktyabr (AZƏRTAC). MDB ölkələri metropolitenlərinin daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının baş mühəndislərin texniki şurasının növbəti iclası Bakıda keçirilmişdir.
Bakı Metropoliteninin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, iclasda metropolitenlərin yeni texnika, texniki təchizat, yenidənqurma, modernləşdirmə üzrə 2011-2012-ci illər üzrə planının yerinə yetirilməsi barədə müzakirələr olmuşdur.
Tədbirdə metropolitenlərin elmi-texniki tərəqqi sahəsində inkişafının əsas istiqamətləri müəyyənləşdirilmiş, texniki vasitələrin yeniləşdirilməsi və perspektiv inkişafı sahəsində tətbiqi məqbul sayılan elmi-tədqiqat işlərinin, yeni texniki vasitələrin siyahısı dəqiqləşdirilmiş, metropolitenlərin texniki vasitələrinin təmiri üzrə standartlara və texniki təmir qaydalarına baxılmış və bu sahədə yeni təkliflər müzakirə olunmuşdur. Ötən il Kazanda keçirilən analoji müşavirənin qəbul etdiyi qərarın yerinə yetirilməsi məsələsinə də baxılmışdır. Rusiya Federasiyası metropolitenlərinin nümayəndələri “Metropolitendən istifadə qaydaları” və bir neçə başqa təlimatların yeni redaksiyalarını müzakirə etmiş, Beynəlxalq Assosiasiyasında birləşən metropolitenlərin baş mühəndisləri öz aralarında vahid informasiya şəbəkəsinin yaradılması, metropolitenlərdə sərnişinlərin nəqliyyat təhlükəsizliyi və mühafizəsi məsələlərinə baxılmışdır.
Qeyd edək ki, tədbirdə Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Kazan (Rusiya), Kiyev, Xarkov (Ukrayna), Tbilisi (Gürcüstan) və başqa metropolitenlərdən, eləcə də dəmir yolu və metropoliten avadanlığı istehsalı müəssisələrindən gələn baş mühəndislər öz sahələrində son illərdə əldə edilən nailiyyətlərdən danışmışdılar.