MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 17-də parlamentin sədri Oqtay Əsədov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ilə görüşmüşdür.
Milli Məclisin sədri Hulusi Kılıçı dost və qardaş Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunması münasibətilə təbrik etmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Parlamentin sədri əmin olduğunu bildirmişdir ki, Hulusi Kılıç Azərbaycanda fəaliyyəti dövründə dost və qardaş ölkələrimizin ikitərəfli münasibətlərinin daha da inkişafına böyük səy göstərəcəkdir.
Milli Məclisin sədri Oqtay Əsədov qeyd etmişdir ki, eyni tarixi və mədəni köklərə malik olan Azərbaycan ilə Türkiyə arasında münasibətlər daim qardaşlıq, dostluq ənənələri üzərində qurulmuşdur. Hazırda ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərimiz dost və qardaş xalqlarımızın xoş gələcəyi və rifahı naminə yüksələn xəttlə sürətlə inkişaf etməkdə, daha da möhkəmlənməkdədir. Bu münasibətlər dövlətlərimizin başçılarının səyi ilə bütün dünyada nümunə göstərilə biləcək səviyyəyə çatmışdır.
Görüşdə qeyd edilmişdir ki, Azərbaycan və Türkiyənin parlamentləri ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verməkdədir və deputatlarımızın bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətləri yüksək səviyyədədir.
Görüşdən məmnun qaldığını bildirən səfir Hulusi Kılıç Milli Məclisin sədrinə təşəkkürünü bildirmiş, fəaliyyəti dövründə qardaş ölkələrimiz və xalqlarımız arasında mövcud münasibətlərin daha da inkişafı naminə bütün imkanlarını səfərbər edəcəyini bildirmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında söylədiyi “Bir millət - iki dövlət” kəlamını xatırladaraq qeyd etmişdir ki, xalqlarımızın hər bir nümayəndəsi bu prinsipə sadiq qalaraq, ikitərəfli əlaqələrimizin daha sürətlə inkişafına öz töhfəsini verməlidir. Bu gün qardaş Azərbaycan və Türkiyə dövlətləri strateji tərəfdaş olmalarını yalnız sözdə yox, həm də işdə sübuta yetirmişlər. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər nəhəng strateji layihələr tərəfdaşlığımızın və sıx əməkdaşlığımızın təzahürüdür. Bu layihələr nəinki regionda, bütövlükdə Avropa qitəsində dövlətlərin iqtisadi inkişafında, xalqların rifahının yüksəldilməsində, sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, uydurma soyqırımı ilə bağlı Ermənistanın yalan təbliğatı və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.