MƏDƏNİYYƏT
Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədr müavini Jalə Əliyeva əvvəlcə aprel ayında baş verən, ölkəmiz üçün əhəmiyyətli olan bir neçə hadisə barədə danışıb. Bildirib ki, aprel ayı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. 2016-cı ilin Aprel zəfəri tariximizin şanlı səhifələrindən biri oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti, şanlı ordumuzun qələbə əzmi sayəsində bayrağımızı düşmən tapdağından azad olunmuş torpaqlarımıza sancdıq.
Bundan başqa, aprel ayını hər birimiz üçün mühüm edən daha bir başlıca amil bir il əvvəl aprelin 11-də ölkədə keçirilən növbəti prezident seçkiləridir. Ötən il Azərbaycan bir daha dünyaya xalq-iqtidar birliyini, prezident-vətəndaş həmrəyliyini sübut etdi. Təsadüfi deyil ki, son bir il tariximizdə islahatlar ili kimi yadda qalıb. Bu islahatların təməlində isə, əlbəttə ki, insan amili dayanır. Sosial-iqtisadi sahədə atılan hər bir addım, imzalanan hər bir Fərman və Sərəncam Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb.
Jalə Əliyeva vurğulayıb ki, aprel ayını bizim üçün əhəmiyyətli edən hadisələrdən danışarkən bir neçə gün əvvəl on milyonuncu vətəndaşımızın dünyaya gəlməsini də qeyd etmək lazımdır. Bu hadisə hər birimizi çox sevindirdi.
Sonra gündəlikdə duran məsələyə baxılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirə olunub. İclasda iştirak edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov bildirib ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 2019-cu il aprelin 19-da altıillik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni namizədlərin irəli sürülməsi ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-1-ci bəndinə müvafiq olaraq təşkilati tədbirlər görülüb. 2019-cu ilin mart ayında keçirilmiş iclaslar nəticəsində 5 şəxs İctimai Televiziya və Radio yayımları Şirkəti Yayım Şurasına namizəd seçilib. İrəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək.
Deputatlar Hüseynbala Mirələmov, Elmira Süleymanova, Ziyad Səmədzadə, Novruzəli Aslanov, Gövhər Baxşəliyeva namizədlər barədə fikirlərini söyləyib, onların fəaliyyətini müsbət dəyərləndiriblər. Deputatlar, həmçinin müasir Azərbaycan teleməkanındakı vəziyyətlə bağlı fikirlərini bölüşüblər, mövcud nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunublar. Verilişlərin keyfiyyətinin və tamaşaçı zövqünün yüksəldilməsi zərurəti qeyd olunub. Tarixi mövzuda dəyərli film və serialların çəkilməsi, sosial reklamlardan səmərəli istifadə olunması və s. təklif edilib. Vurğulanıb ki, aşağı keyfiyyətli, mentalitetimizə uyğun olmayan, bəsit verilişlərin efirdən çıxarılması üçün ictimai qınaq önə keçməlidir.
Fikir mübadiləsinin yekununda baxılan məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.