SİYASƏT
Milli Məclisin qadın deputatları Avropa Parlamentində keçirilən tədbirdə Azərbaycanı təmsil etmişlər
Brüssel, 30 noyabr (AZƏRTAC). Noyabrın 27-29-da Brüsseldə Avropa Parlamenti Deputat qadınların Qlobal Forumunu keçirmişdir. Bu Forum dünyanın müxtəlif parlamentlərini təmsil edən qadınları bir araya gətirən və onların təmsil etdikləri cəmiyyətləri daha da irəli aparmaq üçün təcrübə mübadiləsinə imkan verən ilk tədbirdir. Tədbirin keçirildiyi günlər 120 il öncə dünyada ilk dəfə Yeni Zelandiyada qadınlara seçib-seçilmək hüququnun verildiyi tarixlə eyni vaxta təsadüf etmişdir.
Forumda 100 ölkədən 400-dən çox qadın deputat iştirak etmişdir. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən AZƏRTAC-a bildirmişdir ki, ölkəmizi bu Forumda Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sahibə Qafarova və Gülçöhrə Məmmədova təmsil etmişlər.
Milli Məclisin deputatları çıxışlarında Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verilməsindən bəhs edərək, bunun müsəlman Şərqində ilk addım olduğunu Forum iştirakçılarının diqqətinə çatdırmışlar. Onlar, həmçinin Azərbaycan qadının ölkənin ictimai-siyasi həyatında, eyni zamanda, təhsil sistemində oynadığı fəal roldan söhbət açmışlar.
Forum plenar sessiyalarla yanaşı, müxtəlif mövzularda işçi qrupların iclasları formatında davam etmiş və Mədəniyyətlər Festivalı ilə yekunlaşmışdır. Mədəniyyətlər Festivalında Azərbaycan mətbəxinə aid təamlar Forum iştirakçılarına təqdim edilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel