İQTİSADİYYAT
Milli prioritet kimi seçilmiş 119 göstərici üzrə məlumatların mənbəyi və hazırolma müddəti müəyyənləşdirilib
![Milli prioritet kimi seçilmiş 119 göstərici üzrə məlumatların mənbəyi və hazırolma müddəti müəyyənləşdirilib](/files/2023/3/1200x630/16947678671786838100_1200x630.jpg)
Bakı, 15 sentyabr, AZƏRTAC
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə qlobal göstəricilər sistemində əks edilib, o cümlədən DİM üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezidentin 2016-cı il 6 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrası olaraq milli prioritet kimi seçilmiş 119 göstərici üzrə məlumatların mənbəyi və onların hazırolma müddəti müəyyənləşdirilib. Rəsmi statistikada mövcud olmayan göstəricilər üzrə məlumatların aidiyyəti dövlət orqanları ilə birgə əldə edilməsi üçün müəyyən işlər görülüb, Dİ statistikanın təşkili ilə bağlı digər tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
O bildirib ki, bütün bunların nəticəsində bu ilin əvvəlinə qlobal göstəricilər sistemində nəzərdə tutulmuş 248 göstəricidən 112-si, o cümlədən milli prioritet kimi müəyyənləşdirilmiş 119 göstəricidən 86-sı, yəni 72 faizi üzrə məlumatların toplanılmasına nail olunub. 2018-ci ildən başlayaraq hər il DİM statistik icmal adlı məcmuənin nəşr edilməsi, 2019-cu ildə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi ilə birgə DİM-ə nailolma vəziyyətinin monitorinqi və geniş istifadəçi auditoriyasının məlumatlandırılması məqsədilə Azərbaycanın DİM üzrə milli məlumatlandırma portalının yaradılması, DİM göstəriciləri ilə bağlı metodoloji bazanın Azərbaycan dilində formalaşdırılması məqsədilə zəruri tərcümə işlərinin aparılması, DİM göstəriciləri üzrə məlumatlarım beynəlxalq məlumatlar strukturuna uyğun formatda hazırlanması, portalda yerləşdirilməsi və digər tədbirlər DİM statistikası sahəsində statistik potensialın artırılmasında mühüm rol oynayıb", - deyə o, sözlərinə əlavə edib.