REGİONLAR
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün tarixi əhəmiyyətə malik bir gündür
Gəncə, 15 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib.
Konfransda çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Azərbaycan xalqının həyatında mühüm rolu olan 15 iyun tarixinin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Sonra Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Qurtuluşdan zəfərə: müdrik siyasətin təntənəsi”, baş müəllimi Elminaz Namazovanın “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimləri Həmid Abbasovun “Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi”, Aygün Əhmədovanın isə “15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi” mövzularında məruzələri dinlənilib.
Konfrans Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.