REGİONLAR
Milli Qurtuluş Günü Azərbaycanın sabitliyə, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür
Quba,15 iyun, Elxan Yusifli, AZƏRTAC
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas edib, milli dövlətçiliyimiz qorunub saxlanılıb, Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya edərək beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konfransda bildirilib.
Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransda xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyi qeyd olunub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 1993-cü ilin may-iyun aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığını və 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd edib.
Vurğulanıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad olunub.
Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxışında vurğulayıb ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş respublikada baş verən hadisələrin fonunda 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürüb.
Konfransda çıxış edənlər vurğulayıb ki, Ümummilli Lider problemlərin həlli üçün bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəldərək iqtisadi inkişafın təməllərini qoyub. Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.
Konfransın sonunda YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.