REGİONLAR
Mingəçevirdə jurnalistlərin iştirakı ilə insan alverinə qarşı mübarizə yolları müzakirə olunub
Mingəçevir, 24 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Oktyabrın 22-23-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və “İnsan Alveri Qurbanlarına Dəstək” Konsorsiumunun birgə proqramı çərçivəsində Mingəçevir şəhərində bölgə jurnalistləri üçün təlimlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Media Mərkəzində “Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə” mövzusunda keçirilən təlimdə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllıda dərc olunan yerli qəzetlərin jurnalistləri iştirak ediblər. İkigünlük təlimləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva və müstəqil media eksperti Ələsgər Məmmədli aparıb.
Təlimlərin məqsədi insan alveri və onunla mübarizə yolları barədə region KİV-lərinin nümayəndələrini və onların vasitəsilə bölgələrdə yaşayan insanları maarifləndirmək olub.
Proqram çərçivəsində bir saatlıq verilişin və videoçarxın çəkilişi, yerli TV-də yayılması, bölgə qəzetlərində insan alveri probleminə dair araşdırma yazıların hazırlanması, region jurnalistləri arasında insan alveri probleminə dair məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.