Mingəçevirdə Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsi yekunlaşıb
Bakı, 3 fevral, AZƏRTAC
Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün “Code for Future” şüarı ilə keçirilən ("Gələcəyi kodlaşdır") Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, ötən ilin dekabr ayından start verilən Tədris Düşərgəsinə 60 şagird qəbul olunub.
Həmin şagirdlər yanvarın 25-dən fevralın 3-dək sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak ediblər. Düşərgə çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olublar. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərə də qatılıblar.
İştirakçılardan ən yaxşı nəticə göstərən 4 nəfər - Nəzrin Əhmədova, Şamxal Vəliyev, Vüqar Vəlizadə və Orxan Bərxudarov notbukla mükafatlandırılıblar. Həmçinin informasiya texnologiyaları sahəsində xüsusi bacarıqları ilə seçilən 2 nəfər - Uğur Qasımov və Nurlan Tağıyev Bakıda uzunmüddətli pulsuz təhsil almaq imkanı qazanıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün məktəblilərin İT savadlılığının artırılması və kodlaşdırma (proqramlaşdırma) bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin tədris potensialının gücləndirilməsidir.
Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsində iştirak ödənişsizdir. Layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.