İDMAN
Minifutbol millisinin baş məşqçisi: Dünya çempionatında son oyunlar göstərdi ki, hələ çox inkişaf etməliyik
Bakı, 7 noyabr, AZƏRTAC
“Komandamızın dünya çempionatındakı ümumi çıxışından razı qaldım. İlk dəfə üçün kifayət qədər yaxşı nəticə əldə etdik. Gələcəkdə daha yaxşısını etməyə çalışacağıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandanın Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş dünya çempionatındakı çıxışını dəyərləndirərkən deyib.
Mütəxəssis bildirib ki, yığma yarışa yollanmamışdan öncə, sadəcə, qrupdan çıxmağı planlaşdırırdı: “Pley-off mərhələsinə adlamaq belə, bizim üçün olduqca yaxşı nəticə sayılırdı. Amma matçdan-matça daha güclü oyun nümayiş etdirdiyimizi görəndə fikirləşdik ki, sona kimi getməliyik. Çünki ard-arda qələbə qazanırdıq və bu, çempionluq üçün ümidimizi daha da artırırdı. Tamamilə finala köklənmişdik. Təəssüf ki, bacara bilmədik”.
O, yığmanın Qazaxıstana uduzduğu yarımfinal qarşılaşmasında yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb: “Həmin matçda öz səhvlərimizə görə uduzduq. Düşünmürəm ki, futbolçularımız Qazaxıstana məğlubiyyətdən sonra Macarıstanla bürünc medal uğrunda son görüşə aşağı əhvali-ruhiyyə ilə çıxdılar. Əksinə, motivasiya yüksək idi. Avropa çempionatından sonra oyunçularda qırılma oldu. Fikrimcə, məğlubiyyətin əsas səbəblərindən biri budur. Bu oyunda ancaq standart vəziyyətlərdən toplar buraxdıq. Bunun üzərində işləmək və daha diqqətli olmaq lazımdır. Keçən il Avropa çempionu olmuşduq. Bu uğurdan sonra tək hədəfimiz dünya çempionu adını qazanmaq idi. Çünki buna gücümüz çatırdı. Amma son oyunlar göstərdi ki, zəif cəhətlərimizin üzərində xeyli çalışmalıyıq. Növbəti oyunlara daha yaxşı hazırlaşmalı və komanda olaraq hələ çox inkişaf etməliyik”.
E. Quliyev millinin növbəti hədəfinin 2024-cü il iyunun 1-də Bosniya Herseqovinada start götürəcək Avropa çempionatında əvvəlki uğuru təkrarlamaq olduğunu söyləyib: “Turnirə elə də çox vaxt qalmayıb. Noyabrın sonunda isə bizi Azərbaycan çempionatı gözləyir. Orada milli üzvləri də iştirak edəcəklər. İstəyirik ki, yığmaya heç olmasa, 3-4 yaxşı futbolçu cəlb edə bilək”.
Qeyd edək ki, Azərbaycanın minifutbol yığması dünya çempionatında dördüncü yeri tutub.