İDMAN
Millinin sabiq futbolçusu: “Neftçi”nin avrokuboklardan kənarda qalması dünyanın sonu deyil
![Millinin sabiq futbolçusu: “Neftçi”nin avrokuboklardan kənarda qalması dünyanın sonu deyil](/files/2024/2/1200x630/17168173401440534625_1200x630.jpg)
Bakı, 27 may, AZƏRTAC
“Çox maraqlı mövsümə şahidlik etdik. Son tura qədər hansı komandanın avrokuboklara gedəcəyi bilinmirdi. “Qarabağ”ın çempion olması isə təəccüblü deyildi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Təmkin Xəlilzadə Premyer Liqada 2023-2024-cü illər mövsümünün nəticələrini şərh edərkən deyib.
O, “Neftçi”nin avrokuboklardan kənarda qalmasının gözlənilməz hal olduğunu bildirib: “Komanda son turlara kimi ikinci və üçüncü yerlərdə gedirdi. Əlbəttə ki, “Neftçi” kimi böyük klubun avrokuboklara vəsiqə qazanmaması üzücü məqamdır. Düşünürəm ki, “ağ-qaralar”ın oyununda stabillik çatmadı. Buna görə də nəticə əldə edə bilmədilər. Ancaq bunu dünyanın sonu adlandırmaq olmaz. Bəlkə gələn il Azərbaycan çempionu olacaqlar”.
Vaxtilə “Zirə”də çıxış etmiş yarımmüdafiəçi sabiq klubunun avrokuboklara vəsiqə qazanmasına sevindiyini söyləyib: “Rəşad Sadıqovun necə tələbkar məşqçi olduğunu onunla işlədiyim üçün çox yaxşı bilirəm. Həqiqətən də yaxşı komanda qurub. Buna görə də Avropa Liqasına vəsiqə əldə etdilər”.
Hazırda minifutbol yığmasının formasını geyinən yarımmüdafiəçinin sözlərinə görə, əla infrastrukturu olan “Qəbələ”nin I Liqaya düşməsi üzücü məqamdır: “Vaxtilə bu komandada oynamış futbolçu kimi çox məyusam. Amma “Neftçi”yə aid etdiyim söz “Qəbələ” üçün də keçərlidir. Dünyanın axırı deyil, inanıram ki, növbəti mövsüm yenidən “qırmızı-qaralar”ı Premyer Liqada görəcəyik”.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında "Zirə", Konfrans Liqasında isə "Sabah" və "Sumqayıt" klubları təmsil edəcək.