DÜNYA
Minskdə Ukrayna məsələsinin dinc yolla nizama salınmasına dair görüş keçirilir
![Minskdə Ukrayna məsələsinin dinc yolla nizama salınmasına dair görüş keçirilir](/files/2014/2/1200x630/14090741411433814158_1200x630.jpg)
Görüş çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ilə danışıqlar aparıb. Bu barədə AZƏRTAC Belarus dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
A.Lukaşenko bildirib ki, Minskdəki görüşdən Ukraynanın şərqində vəziyyətin nizama salınması məsələsində böyük bir sıçrayış olacağını gözləmir, amma ümid edir ki, bu görüş sülhə doğru hərəkətə başlamaq üçün konseptual müəyyənliyə imkan verəcəkdir.
Belarus Prezidenti deyib: “Hazırda Avropanın mərkəzində başlanmış bu münaqişəni hər vasitə ilə yatırtmaq lazımdır”. O bildirib ki, Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşüb, bir qədər əvvəl bu mövzu Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə olunub. Belarus Prezidenti deyib: “Hamı bu münaqişənin qurtarmasını istəyir, bu qardaş qırğını heç kəsə gərək deyil. Sülh lazımdır. Sülh olmasa, iqtisadiyyat da olmaz. Ukrayna ilə Avropa İttifaqı, Gömrük İttifaqı arasında hər hansı iqtisadi problemlərin nizama salınması haqqında danışıq da olmaz. Sülh vacibdir. Bu, ən başlıca məsələdir”.
Aleksandr Lukaşenko, həmçinin qeyd edir ki, Belarus Ukraynada vəziyyətin nizama salınması məsələsinin irəliləməsində iştirak etməyə hazırdır.
İndi qapalı rejimdə danışıqlar aparılır. Bu danışıqlarda Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Pyotr Poroşenko, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, habelə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa Komissiyasının vitse-prezidenti, energetika məsələləri üzrə komissar Günter Ettinger və ticarət məsələləri üzrə komissar Karl de Güxt iştirak edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk