SİYASƏT
Misir nəşriyyat korporasiyasının rəhbəri Azərbaycan ilə Misir arasında daha sıx əməkdaşlığa çağırır
Cala Caballah öz məqaləsində Azərbaycanı Misirə dost, bu ölkəni və onun xalqını sevən, onunla daha sıx əməkdaşlığa səy göstərən və Misirin inkişaf planlarında daha fəal iştirak etməyi arzulayan bir ölkə adlandırır. Onun sözlərinə görə, Azərbaycan dövləti sürətlə inkişaf edir. Misir hökuməti bütün sahələrdə, xüsusən neft-qaz sahəsində Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir.
Müəllif ölkələrimiz arasında mədəni və humanitar əlaqələri yüksək qiymətləndirir, Misirin Azərbaycandakı səfirliyinin fəallığına və Bakıda elmlər doktoru, Azərbaycan dili üzrə mütəxəssis Əhməd Saminin başçılıq etdiyi Misir Mədəniyyət Mərkəzinin olması faktına diqqəti cəlb edir.
Cala Caballah AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşünü, Əl-Cümhuriyyə nəşriyyat və yayım korporasiyası ilə Azərbaycanın əsas dövlət agentliyi arasında əməkdaşlıq mövzusunda müzakirələri xüsusi vurğulayır. Onun sözlərinə görə, həmin görüşdə hər iki ölkədə konfranslar, sərgilər və digər tədbirlər keçirilməsi də daxil olmaqla daha sıx əməkdaşlıq məsələləri də müzakirə olunub.
Korporasiyanın rəhbəri Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin xidmətlərini xüsusi vurğulayaraq qeyd edir ki, səfir ikitərəfli əlaqələrin möhkəmlənməsi və bütün sahələrdə əməkdaşlığın güclənməsi üçün çox səy göstərir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə