DÜNYA
Misir Süveyş kanalı iqtisadi zonasının Çinin “Bir kəmər-bir yol” təşəbbüsünə daha sıx bağlanmasını təklif edib
![](/files/galleryphoto/2022/1/1200x630/16440800424523317393_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16440801014236037550_1200x630.jpg)
Qahirə, 5 fevral, AZƏRTAC
Misir Süveyş kanalı iqtisadi zonasının Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə daha sıx bağlanmasını və Afrika ölkələrinin Pekinlə ticari-iqtisadi əlaqələrinin inkişafını təklif edib.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu təklifi “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən Misirin dövlət başçısı Əbdülfəttah əl-Sisi Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşündə irəli sürüb. O qeyd edib ki, Afrika ölkələri, o cümlədən Misir Çin sərmayələrinin cəlb olunmasına böyük əhəmiyyət verir və yeni iqtisadi layihələrin həyata keçirilməsi bütün tərəflərin maraqlarına uyğundur.
Si Cinpin bu təklifi yüksək qiymətləndirib və əlavə edib ki, Şimali Afrika və Yaxın Şərqin ən mühüm ölkəsi olan Misirin “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirakı, həmçinin Süveyş kanalı iqtisadi zonasının qlobal ticarət habına çevrilməsi onun ölkəsi üçün də faydalı olacaq. Çin lideri vurğulayıb ki, Pekin 2063-cü ilədək Afrikada dayanıqlı inkişafın təmin olunması proqramına dəstəyini davam etdirəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə