SİYASƏT
Misirli tədqiqatçı: Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi-mədəniyyət abidələri və məscidlər məni dəhşətə gətirdi
Qahirə, 19 avqust, AZƏRTAC
Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi-mədəniyyət abidələri və məscidlər məni dəhşətə gətirdi. Təqribən 30 ilə yaxın Azərbaycanın işğal altında olan mədəni irsinə və məbədlərinə qarşı sistematik vandalizm aktları törədilib.
Bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərdən qayıdan misirli tədqiqatçı Əhməd Abdo Tərabik AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib. Misir mətbuatında da məqalə ilə çıxış etdiyini qeyd edən tədqiqatçı bildirib ki, Azərbaycanın mədəni irs abidələri və məscidləri hər iki Qarabağ müharibəsinin gedişində də zərər görüb. “Lakin bizə ermənilərin sistematik şəkildə, işğal etdikləri torpaqlarda yerli əhalinin izlərini silmək üçün törətdikləri dağıntıları da göstərdilər. Diqqətə çatdırım ki, bu əməllər, həmçinin azərbaycanlılara qarşı uzun müddət davam etmiş etnik təmizləmə siyasəti beynəlxalq miqyasda törədilmiş cinayət sayılmalıdır. Ermənilər, hətta Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Bəyannamədən sonra məcburən azad etdikləri əraziləri də dağıdıblar. Bu, açıq-aşkar vandalizmdir. Ermənistan əraziləri tərk etmək üçün ona verilmiş vaxtdan da istifadə edərək həmin ərazilərə əlavə minalar basdırıb. Dağıdılmış şəhər və kəndlərdə qara rəngə bürünmüş xarabalıqlar, yandırılan meşələri təsvir etmək belə insanda dəhşət hissi yaradır. Adətən, müharibələrdə dağıntılar döyüş zamanı olur, amma ermənilər gec-tez işğal etdikləri ərazilərdən qovulacaqlarını bildikləri üçün 30 ilə yaxın müddətdə şəhər və kəndləri dağıdıblar. Bu, faşizmdən də pisdir. Dini məbədlərin viran qoyulması və təhqir edilməsi isə onların mənəvi deqradasiyasının əlamətidir. Uca Yaradana inanan insanlar hətta düşmənə qarşı bu cür əməlləri törətməzlər. Məscidlərdə donuz və mal-qara saxlanılması bütün müsəlmanlara qarşı təhqirdir. Hələ də heyvan qalıqları qoxusu gələn məscidləri, onların divarlarında qazılmış yazıları görəndə anladım ki, erməni vəhşiliyi barədə oxuduğum və eşitdiklərim az imiş. Hər kəs bütün bu barbarlığı öz gözləri ilə görməlidir”, - deyə Tərabik vurğulayıb.
Misirli tədqiqatçı ermənilərin işğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqları dağıtması və insan sümüklərini çıxarmasını da insanlığa qarşı cinayət adlandırıb. O deyib: “Cəbrayıl və Füzuli rayonlarında dünyasını dəyişmiş insanlara qarşı bu vəhşiliyi təsvir etmək çətindir. Ermənistanın öz doğma yurdlarından didərgin saldığı azərbaycanlılar rəhmətə getmiş ölülərini Allaha tapşırmışdılar. Onlar təsəvvür belə etmirdilər ki, azğın düşmən qəbirləri dağıdacaq və ata-babalarının nəşini belə rahat buraxmayacaq. Mən bu dəhşətli faktlar barədə məqalə yazarkən hiss etdim ki, gördüklərimi ifadə etməkdə qələm də acizdir. Bütün bunlar tarixdə qalacaq, faciələr və dəhşətlərlə dolu tarix səhifələrində əksini tapacaq. Bəzi cəhdlərə baxmayaraq, heç kim bu həqiqətləri ört-basdır edə bilməz”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə