SİYASƏT
MOSKVADA MDB MÜDAFİƏ NAZİRLƏRİ ŞURASININ İCLASI KEÇİRİLƏCƏKDİR
Moskva, 13 aprel (AZƏRTAC). MDB İcraiyyə Komitəsindən bildirmişlər ki, aprelin 14-də Moskvada MDB Müdafiə Nazirləri Şurasının 58-ci iclası keçiriləcəkdir. İclasda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, habelə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan nazirləri iştirak edəcəklər.
Bildirilmişdir ki, iclasın gündəliyinə 20-dən çox məsələ daxil edilmişdir. İclasda Birlik dövlətləri hərbi idarələrinin müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq, Böyük Vətən Müharibəsi, silahlı qüvvələr veteranlarına və dost ordularda hərbi xidmət keçən hərbi qulluqçulara müraciət qəbul olunacaqdır.
İclasda müdafiə nazirliklərinin 2015-ci ilədək hərbi-memorial sahədə birgə perspektiv planının təsdiq olunacağı gözlənilir. Müdafiə nazirləri hərbi sahədə inteqrasiya proseslərinin inkişafını nəzərə alaraq hərbi təyinatlı birləşmiş sistemlərin yaradılması və təkmilləşdirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Məsələn, birgə rabitə və avtomatlaşdırılma sistemlərinin yaradılmasına dair hərbi-texniki əməkdaşlığın öncül istiqamətləri razılaşdırılacaq, “Parol” vahid dövlət radiolokasiya tanıma sisteminin inkişaf perspektivləri müəyyən ediləcəkdir. MDB ölkələrinin birləşmiş hava hücumundan müdafiə sisteminin inkişafına vəsait ayrılması məsələləri müzakirə olunacaqdır. Qoşunların metroloji təminatı və Birlik ölkələri silahlı qüvvələrinin ilkin hərbi etalonlarının və işçi etalonlarının mümkün bazaları nəzərə alınmaqla silahların və hərbi texnikanın metroloji xidmətinin təminatı təhlil olunacaqdır.
Görüş iştirakçıları 2009-cu ildə MDB ölkələrində silahlı qüvvələrdə uçuşların təhlükəsizliyinin vəziyyətini qiymətləndirəcək, hərbi aviasiyanın meteoroloji təminatı problemlərini müzakirə edəcəklər. Hərbi nazirliklərin başçıları Birlik ölkələri silahlı qüvvələrinin mühəndis qoşunlarının birgə tədbirlər siyahısını nəzərdən keçirəcək, MDB ölkələri radiasiya, kimyəvi və bioloji hücumlardan müdafiə qoşunları rəislərinin əlaqələndirmə komitəsi haqqında əsasnaməni təsdiq edəcəklər.
Nazirlər Şurasının iclasında çoxşaxəli hərbi əməkdaşlığın hüquqi təminatının təkmilləşdirilməsi perspektivləri, hərbi-elmi işlərin beynəlxalq müsabiqələrinin təşkili və keçirilməsi müzakirə olunacaq, MDB ölkələri silahlı qüvvələrində fiziki hazırlığa dair model tövsiyələri təsdiq olunacaqdır.
Qəbul olunacaq qərarlar Şuraya MDB məkanında tərəfdaşlıq münasibətləri formatında çoxşaxəli hərbi əməkdaşlıq sistemini davamlı surətdə təkmilləşdirməyə, ümumi və milli maraqlar nəzərə alınmaqla hərbi sahədə qarşılıqlı faydalı fəaliyyəti inkişaf etdirməyə imkan verəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva