MƏDƏNİYYƏT
Moskvada VI Beynəlxalq Mstislav Rostropoviç Festivalına hazırlıq davam edir
Bakı, 6 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, martın 27-dən aprelin 2-dək Moskvada VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.
AZƏRTAC Mstislav Rostropoviç Fondunun saytına istinadla xəbər verir ki, bu münasibətlə TASS informasiya mərkəzində festivalın bədii rəhbəri Olqa Rostropoviç mətbuat konfransı keçirib. O, festival iştirakçıları, hazırlıq dövründə qarşıya çıxan çətinliklər, təşkilati işlərin nəticələri haqqında məlumat verib.
Vurğulayıb ki, Mstislav Rostropoviç festivalının əsas xüsusiyyətlərindən biri orada yüksək səviyyəli musiqiçilərin iştirak etməsindədir. Festivalda Yuri Temirkanovun rəhbərliyi altında D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının əməkdar kollektivi – Rusiya Akademik Simfonik Orkestri, Zubin Metanın rəhbərliyi altında “Maggio Musicale Fiorentino” simfonik orkestri kimi nüfuzlu kollektivlər iştirak edəcək. Lozanna kamera orkestri isə Moskvada ilk dəfə çıxış edəcək. Festivalın ənənəsinə görə bir sıra konsertlər M.Rostropoviçin müasirlərinə həsr olunur. Bu il həmin ənənəyə əsasən konsertlər Sergey Prokofyevə və Georgi Sviridovun anadan olmasının 100 illik yubileyinə həsr olunacaq.
Olqa Rostropoviç diqqətə çatdırıb ki, ilk dəfə olaraq festival çərçivəsində M.Rostropoviç Fondu təqaüdçüləri Sergey Prokofyevə həsr olunan konsertdə çıxış edəcəklər.
Festivalın bədii rəhbəri göstərilən dəstəyə görə Moskva hökumətinə və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.