Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin bu ali məktəbin foyesindəki büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin yeri və rolu”, professor Qabil Əliyevin “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında məruzələri dinlənilib.
Ə.Qasımov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu gün müstəqillik və tərəqqi yolunda inamla irəliləyən xalqımızın tarixinin yarım əsrə yaxın bir dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqı tarixin ən ağır və ən çətin sınaqlarından çıxaran, ölkənin inkişaf strategiyasını müəyyənləşdirərək tərəqqiyə aparan Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Q.Əliyev dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladıb. Qeyd edilib ki, Ümummilli Liderin ən böyük xidmətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tariximizdəki yerini qiymətləndirməsidir. Dahi rəhbər AXC-nin tarixinə, onun qurucularının fəaliyyətinə daim yüksək qiymət verib.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.