CƏMİYYƏT
Mübarizənin hədəfi bir olmalıdır
Bakı, 2 iyun, AZƏRTAC
Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsindəki 274 saylı tam orta məktəbdə “Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” toplantısı həmin mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət sərgiyə tamaşa etməklə başlanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə 274 nömrəli məktəbin direktoru Atakişi Cəfərov açıb. O, “dəyirmi masa”nın mövzusu, bu qəbildən olan maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün vacib əhəmiyyət daşıdığını, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meyilliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını bildirib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülən işlər barədə iştirakçılara məlumat verərək bu sahədə daha ardıcıl və mütəşəkkil mübarizə aparmağın vacibliyini vurğulayıb.
Həkim-narkoloq Vəfa Əliyeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlər, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin hallara qarşı hamılıqla mübarizə aparmaq lazım gəldiyini qeyd edib.
“Dəyirmi masa”da çıxış edən həkim, psixoloq, müəllim və şagirdlər narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclər üçün iştirakı ilə həmin mövzuda seminar, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsi və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini göstəriblər.
Tədbirin sonunda iştirakçılara narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə əyani vəsait və broşürlər paylanılıb.