CƏMİYYƏT
Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Bakıdakı Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Erməni təcavüzünün qurbanları olmuş dinc sakinlərin də xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein jurnalistlər qarşısında çıxış edib. O vurğulayıb ki, rəşadətli Azərbaycan döyüşçüləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs borclarını yerinə yetiriblər. Vətənimizin torpaqlarını çoxillik işğaldan azad etmək naminə canlarından keçmiş bu igidlərin xatirəsi əbədi yaşayacaq.
Aleksandr ata qeyd edib ki, mənfur düşmən münaqişə zonasından kənarda yerləşən dinc şəhərlərə dəfələrlə hücum edib, nəticədə onlarla insan, o cümlədən qadınlar və uşaqlar həlak olub. Arxiyepiskop vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri bu ölkəni özləri üçün doğma ev hesab edir, ona görə də milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı son damla qanına qədər öz Vətənini qorumağa hazırdır.
Daha sonra Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində arxiyepiskop Aleksandrın və baş keşiş Leonid Miltıxın iştirakı ilə şəhidlərin xatirəsinə dualar oxunub.