ELM VƏ TƏHSİL
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsi magistraturaya qəbul elan edir
Bakı, 1 iyul, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) iqtisadiyyat fakültəsi (MDU İF) magistraturaya ödənişli əsaslarla qəbul keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, hər bir proqramın ətraflı təsviri və magistraturaya qəbul qaydaları http://www.econ.msu.ru/entrance/masters saytında yerləşdirilib.
M.V.Lomonosov adına MDU-nun Bakı filialı və MDU iqtisadiyyat fakültəsinə güzəştli təhsil üçün müsabiqə elan edir. Müsahibənin nəticələri əsasında seçiləcək 10 nəfər üçün magistraturaya imtahanların verilməsi müddətində yataqxanada qalma xərcləri MDU İF tərəfindən ödəniləcək. Daha sonra magistraturaya qəbul imtahanlarını müvəffəqiyyətlə verərək ən yaxşı nəticə əldə edən beş nəfərə yaşayış və MDU İF-də təhsil xərclərinin ödənilməsi üçün qrant ayrılacaqdır. Müsahibə M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun əmri ilə yaradılmış komissiya tərəfindən aparılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini iyulun 2-dək iş günləri saat 10.00-dan 17.00-dək bu ünvana təqdim etməlidirlər: AZ 1143, Bakı şəhəri, Xocəsən qəsəbəsi, Universitet küçəsi 1.
Müsahibə iyulun 3-də saat 14.00-da başlanacaq.
Tələb olunan sənədlərin siyahısı:
1. M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun adına seçilmiş müsahibə proqramı göstərilməklə ərizə (ixtiyari formada).
2. MDU İF magistraturasının seçilməsi səbəblərini göstərməklə motivasiya məktubu.
3. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (qiymət cədvəli ilə birlikdə; cari ilin məzunları üçün – zaçot kitabçasından çıxarış).
4. Şəxsiyyət vəsiqəsinin surəti (orijinalı da gətirmək şərti ilə).
Əlaqə telefonu: (+99412) 598-93-19.