Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe nümayiş etdirməsi zəruridir
Bakı, 8 may, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rayon polis idarəsinin Veteranlar Şurasının sədri Paşa Kərimov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotik əleyhinə təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğunu qeyd edib. Bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra narkomaniyaya qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi ön plana çıxıb və problemə münasibətdə yeni mərhələ başlanıb.
Diqqətə çatdırılıb ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bu Fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib.
Azərbaycan Respublikası, həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Prezident İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirib. Narkomanlıqla mübarizədə müsbət nəticələrinin qazanılması məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” dövlətimizin başçısının sərəncamı ilə təsdiq edilib.
P.Kərimov narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğunu, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşması və genefond üçün böyük təhlükə olduğunu bildirən P.Kərimov yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verib.